Əməliyyatdan Sonra qidalanma
Mede Kiciltme Emeliyyati Sonra Qidalanma
Mədə kiçiltmə əməliyyatından sonra mədəniz kiçilir. Əgər çox qida qəbul olunarsa, mədə kiçik olduğu üçün bunu qaytarmaq məcburiyyətində olacaqsınız. Bu da kifayət qədər psixoloji sarsıntılara gətirib çıxara bilər. Ona görə, xəstəxanadan evə çıxarkən sizə 4 həftəlik pəhriz planı verilir. Burada məqsəd sizi pəhrizlə arıqlatmaq deyil. Xəstə özünü nə qədər rahat hiss etsə də, mədənin tam sağalma müddəti 25-27 gündür. Bu məqsədlə verilən pəhriz planına uyğun şəkildə qidalanmaq çox önəmlidir.
Bariatrik əməliyyatın ən böyük üstünlüyü budur ki, insanlarda iştah, yemək istəyi azalır. Buna baxmayaraq, müəyyən zülal və vitaminlərin qəbuluna, qida rasionuna diqqət yetirilməlidir. Məqsəd budur ki, insan birdən-birə çəki atmasın, hissə-hissə, zamanla bunu həyata keçirsin. Buna görə, xüsusi hazırlanmış və Ümumdünya Cərrahlar Assosiasiyasının hazırladığı qida rasionu var. Əməliyyat olunan şəxslər 1-2 ay ərzində bu qida rasionuna uyğun qidalanmağı məsləhət görülür. Sonrakı dövrdə bədən itirdiyi çəkiyə uyğunlaşdıqca istədikləri yeməkdən istifadə sərbəstdir.
Bariatrik əməliyyatdan sonra bədəniniz yediyiniz qidadan kifayət qədər vitamin və mineral ala bilmir. Amma yenə də onlara ehtiyacı var. Bu səbəblə həkiminizin tövsiyələrinə uyğun olaraq hər gün vitamin və mineral əlavələr aldığınızdan əmin olmalısınız. Yenə də həkiminiz, vəziyyətinizdən asılı olaraq sizin üçün bəzi əlavələr tövsiyə edə bilər. Lazım olan əlavələr, bariatrik cərrahiyyə növündən asılıdır.
Maye qəbulu vacibdir. Susuzlaşdırmanın qarşısını almaq üçün mayelərdən istifadə qaydalarına əməl etməyiniz önəmlidir. Qazlı içkilər, kofein və ya spirt tərkibli içkilərin qəbulu məhdudlaşdırılacaqdır. Bu içkilərin istifadəsi ilə bağlı mütləq həkiminizlə məsləhətləşməlisiniz.
Diyetinizi nizamlamaq və vaxtında yemək, mədəkiçiltmə əməliyyatı sonrasında daha da vacibdir. Yavaş yemək və yeməyinizi çox yaxşı çeynəmək, yeməyi bitirməyə ən az 20 dəqiqə vaxt ayırmaq tövsiyə olunur.
Yüksək yağlı qidalardan və şirniyyatlardan çəkinmək lazımdır. Arıqladığınız çəkini geri qaytarmamaq üçün yağ və şəkərlə əlaqənizi pəhrizin tələb etdiyi həddə endirdiyinizə əmin olun.